AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

ƏLİYEV İQRAR HƏBİB OĞLU

ƏLİYEV İQRAR HƏBİB OĞLU

14.03.1924–11.06.2004

AMEA-nın həqiqi üzvü, Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin həqiqi üzvü, «Azərbaycanın qədim dövrü tarixi» şöbəsinin müdiri (1957-1978-ci illər), 1978-ci ildən 2004-cü il iyunun 11-dək Tarix İnstitutunun direktoru.

Akademik İ.H.Əliyev 1924-cü il martın 14-də anadan olmuşdur.

1940-1945-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsində təhsil almışdır.

1945-ci ildə Azərbaycan EA Tarix İnstitutunun əyani aspiranturasına daxil olmuşdur.

İ.H.Əliyev 1949-cu ildə namizədlik, 1961-ci ildə doktorluq dissertasiyaları müdafiə etmiş, 1981-ci ildə professor elmi adı almışdır.

1980-ci ildə Azərbaycan EA müxbir üzvü, 2001-ci ildə AMEA-nın həqiqi üzvü və 2003-cü ildə isə Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin həqiqi üzvü seçilmişdir.

İ.H.Əliyev 1957-ci il yanvarın 1-dən 1978-ci il yanvarın 17-dək «Azərbaycanın qədim dövrü tarixi» şöbəsinin müdiri, 1978-ci ildən 2004-cü il iyunun 11-dək Tarix İnstitutunun direktoru (müvafiq şöbənin ictimai əsaslarla şöbə müdiri vəzifəsində qalmaqla) və 1981–1984-cü illərdə Azərbaycan EA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi vəzifələrində çalışmışdır.

İ.H.Əliyev Azərbaycanın qədim tarixi və arxeologiyası, qədim şərq fəlsəfəsi üzrə 6 monoqrafiya və 200-dən artıq məqalənin müəllifidir. O, 3 cildlik «Azərbaycan tarixi»nin müəllif və redaktorlarındandır. Çoxcildli «Azərbaycan tarixi»nin Baş Redaksiya Şurasının, həmçinin I cildin əsas müəlliflərindən biri və məsul redaktoru olmuşdur. Onun tədqiqatlarında Cənubi Azərbaycanın və onunla həmsərhəd vilayətlərinin etnik tarixi problemlərinə, Azərbaycan ərazisindəki katakomba mədəniyyətinin təsvirinə geniş yer verilmişdir.

İ.H.Əliyev uzun müddət Azərbaycan Toponimiya Komissiyasının sədri, Mədəniyyət və Tarixi Abidələrin Mühafizəsi Cəmiyyətinin və Dövlət Mükafatları üzrə Komitənin sədr müavini, Nizami komissiyasının, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının, AMEA-nın «Xəbərlər»inin və «Вестник Древней истории» jurnallarının redaksiya heyətlərinin üzvü olmuşdur.

Akademik İ.H.Əliyev «Əmək fədakarlığına görə» medalı, «Xalqlar Dostluğu» ordeni, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə «Şöhrət» ordeni (1999), Rusiya və Azərbaycan EA-larının Fəxri Fərmanları ilə təltif olunmuşdur. 2004-cü il iyunun 11-də vəfat etmişdir.

Paylaş: