AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Abbasqulu Ağa Bakıxanov adına

TARİX İNSTİTUTU

HƏSƏNOV İDRİS MƏŞƏDİ ZAMAN OĞLU

HƏSƏNOV İDRİS MƏŞƏDİ ZAMAN OĞLU

02.09.1897 - 03.11.1950

Dialektoloq alim, professor, 1932-ci ildə latın qrafikası əsasında korlar üçün nöqtəli hərflərin layihəsinin müəllifi, SSRİ EA-nın Azərbaycan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunun direktoru, Repressiya qurbanı.

İdris Məşədi-Zaman oğlu Həsənov 1897-ci ildə Gəncədə sənətkar ailəsində anadan olub.

Yeniyetməlik dövrünü doğma şəhərində yaşayaraq Qarşılıqlı Kredit Cəmiyyətində mühasib işləyir. İ.Həsənov 1924-ci ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

1927-1931-ci illərdə Moskvada yaşayır, Şərq Zəhmətkeşlərinin Kommunist Universitetində Azərbaycan dilini tədris edir və Şərq xalqlarının milli mədəniyyəti Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil alır. Moskvada Şərq Zəhmətkeşlərinin Kommunist Universitetinin Y.D.Poliva­novun rəhbərlik etdiyi kafedrasında işləyəndə onunla birlikdə “Azərbaycan dilinin qrammatikası” və “Gəncə əhalisinin dialektində mənsubiyyət şəkilçisiz isimlərin hallanması" əsərlərini nəşr etdirir. XX əsrin 20-30-cu illərində onun 18 əsəri nəşr edilib. Bakıya qayıtdıqdan sonra Azərbaycan Pedaqoji İnstitutunda işləyərək, dosent, daha sonra professor elmi vəzifəsinə yiyələnir.

1932-ci ildə latın qrafikası əsasında korlar üçün nöqtəli hərflərin layihəsini hazırlayır.

1935-ci ildə filologiya elmləri namizədi elmi dərəcəsini alır.

1937-ci il iyulun 19-da SSRİ EA-nın Azərbaycan filialının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru təyin olunur.

1938-ci ilin fevralın 17-də vəzifəsindən azad edilir.

1939-cu il iyunun 2-də İdris Məşədi Zaman oğlu Həsənov 8 il müddətinə islah-əmək düşərgəsinə göndərilir. Bir müddət Krasnoyarsk diyarında dustaq olur. Uzaq Maqadanda kəskin infark keçirir.

1946-cı il aprelin 3-də Gəncəyə qayıdanda professor İdris Həsənov 6 saylı məktəbdə sıravi müəllim işləməyə başlayır.

1949-cu ilin dekabrın 21-də o, "təhlükəli element" kimi yenidən həbs edilir.

1950-ci il noyabrın 3-də özünü dənizə ataraq əbədi olaraq dünyasını dəyişib.

Paylaş: